×
A
A
A
Sazlamalar

Əməkdar artist Qoçaq Əsgərov Abu-Dabidə konsert verib

Bakı, 18 yanvar. AZƏRTAC

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu-Dabidə konsert proqramı ilə çıxış edib. Konsertdə ənənəvi olaraq caz ilə muğamın sintezi iştirakçılara təqdim olunub.
Bu barədə AZƏRTAC-a məlumat verən xanəndə deyib ki, konsertdə milli mahnılarımızla yanaşı, muğamlarımıza da müraciət edib.
“Konsert çərçivəsində “Şur” muğamını ifa etməyim zalda böyük coşqu ilə qarşılandı. Konserti izləyənlər arasında ərəb şeyxi və səfirliyimizin nümayəndələri də yer alırdı. Həmçinin konsertdə çoxsaylı musiqi janrları üzrə vokalist Pyer de Tregomən ilə mən ənənəvi muğam və açıq improvizasiyalardan ibarət orijinal repertuar təqdim etdik. Konsertdə bizi İbrahim Babayev (tar), Elnur Mikayılov (kaman), Husaməddin Əzizov (nağara) və Vasif Hüseynzadə (pianino) müşayiət edirdi”, - deyə Qoçaq Əsgərov söyləyib.
Gələcək qastrol planlarından danışan xanəndə bildirib ki, növbəti konsert mart ayında Bəhreyndə nəzərdə tutulur.

Musiqi 2019-01-18 15:32:00