×
A
A
A
Sazlamalar

Özgür Çakar: Muğam Azərbaycan fenomenidir, ali musiqidir

Lion, 18 yanvar, AZƏRTAC

Azərbaycan musiqilərini çox sevirəm. Muğam bütün musiqilərin şahıdır, ruhun qidasıdır. Bu axşam Azərbaycan qadınlarına səsvermə hüququnun 100 illiyinə həsr edilmiş muğam konsertindən çox məmnun olduq. Gözəl bir axşam keçirdik, mənəvi istirahət oldu. Xüsusilə də, burada fransızların muğamı sevə-sevə dinləməsi bir daha bu musiqi janrının aliliyini göstərdi. Muğam Azərbaycan mədəniyyətinin fenomenidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Lion şəhərindəki konsulu Özgür Çakar Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş muğam konsertindən sonra söyləyib. O, muğamın Şərq intibahının improvizə musiqisi olduğunu bildirib.
“Bu konsertin özəlliyi musiqiçilərin canlı ifası oldu. Muğam çox mürəkkəbdir. İmprovizasiya tələb edir. Azərbaycanlı müğənni cavan olsa da, çox məharətlə ifa etdi. Xanəndənin ifaçılıq tərzi, seçdiyi muğamları çox sevdim. Ümumiyyətlə, bu muğam triosu çox yüksək səviyyədədir. Lionda tez-tez Azərbaycan musiqisi eşitmək istərdik”,-deyə konsul vurğulayıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lion

Mədəniyyət 2019-01-18 15:23:00