×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi Heydər Əliyev Sarayında anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar sarayın xidməti girişində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş kitab sərgisinə baxıblar. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev 1990-cı ilin yanvar ayında baş verənlərin insanlığa qarşı törədilmiş terror hadisəsi olduğunu və faciənin təkcə Azərbaycanda yaşayanlara qarşı deyil, ümumilikdə dünyada yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayət aktı olduğunu bildirib.
O, 20 Yanvar hadisələrinin başvermə səbəbləri, SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsi, o cümlədən qadağan olunan silah və sursatlardan istifadə olunaraq uşaqların, qadınların, qocaların gülləbaran edilməsi haqqında geniş məruzə ilə çıxış edib.
Çıxış edənlər Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında geniş məlumat verib və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.
Tədbir 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən sənədli filmin nümayişi ilə yekunlaşıb.

Mədəniyyət 2019-01-18 14:57:00