×
A
A
A
Sazlamalar

Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Naxçıvan, 18 yanvar, AZƏRTAC

Çətin günlər idi... Üç tərəfdən düşmən əhatəsində olan, həmin dövrdə tənha adanı xatırladan Naxçıvan mərkəzi hakimiyyətin biganəliyi, düşmənlərimizin xain hücumları nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. 1990-cı il yanvarın 18-də ermənilər Sədərək kəndinin 8-10 kilometrliyində yerləşən Kərki kəndini işğal etdilər, yanvarın 19-na keçən gecə isə Sədərəyə hücuma keçdilər. Həmin günlərdə Kərkini itirsək də, ümidimizi, inamımızı itirmədik. Əksinə, düşmənə qarşı nifrətimiz, onu məhv etmək, yer üzündən silmək arzumuz daha da şiddətləndi.

Qədim Azərbaycan kəndi

Türk tayfası kərkililərin adı ilə bağlı olan Kərki kəndinin ərazisi 960 hektardır. Arpaçayın sahilində yerləşən bu kəndin adı 1728-ci il tarixli “İrəvan quberniyasının müfəssəl dəftəri”ndə “Kərkiçik” adı ilə qeydə alınıb. “Kərki” toponiminə ölkəmizdə və bir sıra türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Qədim yurd yerimiz olan Qarabağ torpağında Kərkicahan şəhəri, Qərbi Azərbaycanın Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, Kərkidağ toponimi də bu tayfa adından qaynaqlanıb. Bütün bunlar onu göstərir ki, yaşayış məntəqəsi tarixən azərbaycanlıların məskunlaşdığı yurd yeri olub.

Kərki kəndi ermənilərin işğalçılıq siyasətinin ilk hədəfi oldu

Kərki hadisələri, əslində, 1988-ci ildə başlanıb, 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşdi. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. İki il ərzində Kərki dəfələrlə atəşə tutuldu. Köhnə Kərki, O tay, Sənəm zağası, kəndin girəcəyindəki Şırran körpüsü tərəfdən atışmalar daha intensiv xarakter aldı. Hadisələrin canlı şahidlərinin sözlərinə görə, yanvarın 18-də kənd səhər saat 4 radələrindən şiddətli atəşə tutuldu. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli oldular. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim oğuz yurdu beləcə ermənilərin əlinə keçdi.

Növbəti hədəf - Sədərək...

Kərkini ələ keçirən düşmən düşünürdü ki, Sədərəyi də qısa zamanda işğal edə biləcək. Buna görə də yanvarın 18-dən 19-na keçən gecə Sədərəyi ağır artilleriya atəşinə tutmağa başladılar. Əslində, hədəf təkcə Sədərək deyildi, düşmənin məqsədi muxtar respublikanı işğal etmək idi.
Ermənistandakı keçmiş sovet ordusunun silahları ilə başdan-ayağa silahlandırılmış ermənilərin planına görə, onlar yanvarın 19-da Sədərəkdə müqaviməti qırdıqdan sonra hücumu davam etdirib muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinə çatacaq və qədim diyarı işğal etmələri münasibətilə burada bayram şənlikləri keçirəcəkdilər. Lakin vətənpərvər oğullarımız ermənilərin bu çirkin niyyətlərini ürəklərində qoydular. Sədərəyə hücum xəbəri ildırım sürəti ilə muxtar respublikaya yayıldıqdan qısa vaxt sonra əli silah tutan hər bir muxtar respublika sakini yumruq kimi birləşərək yurdumuzun müdafiəsinə qalxdı. Düşmən Sədərəkdə çox güclü müqavimətə rast gəldi.

Naxçıvanın döyüşçüləri erməniləri darmadağın etdilər

On dörd dəfə hücuma məruz qalan Sədərəyə ermənilər 300-ə yaxın top mərmisi atsalar da, bir addım belə irəliləyə bilmədilər. Düşmən ardıcıl artilleriya atəşi ilə burada 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati və sosial obyektləri dağıdaraq, əhalidə xof yaratmağa çalışdı. Buna baxmayaraq, sədərəklilər evlərini tərk etmədilər, muxtar respublika sakinləri isə onlara gecə-gündüz lazımi dəstəyi göstərdilər. Sonda elə bir vəziyyət yarandı ki, ermənilər artıq Naxçıvanın döyüşçülərindən necə canlarını qurtarmaq barədə düşünməyə başladılar...

Naxçıvanı ulu öndər Heydər ƏIiyev xilas etdi

Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Sədərək buradan güclü top atəşinə tutulurdu. Naxçıvanlı döyüşçülər isə 2 ədəd TOZ-8, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin hücumunun qarşısını alırdı. Silah-sursat az olsa da, heç kəs geri çəkilmək barədə düşünmürdü. Ulu öndər Heydər Əliyev Naxçıvana gələndən sonra artıq hər kəs tam əmin idi ki, düşmən qalib gələ bilməyəcək. Çünki əhali dahi şəxsiyyətin ətrafında sıx birləşdi, Naxçıvanda ordu quruculuğuna başlanıldı. Onu da deyək ki, Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci il sentyabr ayının 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi. Bununla da, Azərbaycanda vahid komandanlığa tabe olan ilk Milli Ordunun əsası qoyuldu. Dahi şəxsiyyətin həyata keçirdiyi bu tədbirlər naxçıvanlıları daha da cəsarətləndirdi, Sədərək məğlubedilməzlik simvoluna çevrildi.
Həmin dövrdə naxçıvanlıların güc aldıqları yeganə qüvvə Ulu Öndərimiz idi. Görkəmli dövlət xadiminin döyüşlərin şiddətlə davam etdiyi illərdə dəfələrlə Sədərəyə gəlməsi, sakinlərin yanında olması, təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu.
1990-cı ilin yanvar döyüşlərində Sədərəyin düşmənə ciddi müqavimət göstərməsinin digər bir səbəbi də əhalidə vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın yüksək olması idi. Bu hisslər könüllülərə güc, qüvvət verirdi.

Bu gün ordumuz muxtar respublikamızın strateji yüksəkliklərindən düşməni tam nəzarətdə saxlayır

Bu gün 20 Yanvar faciəsinin səbəbləri haqqında müxtəlif fikirlər söylənsə də, qırğının törədilməsindən keçən 29 il ərzində sübut olunub ki, “qırmızı imperiya”nın bu terror aktını törətməkdə digər dəhşətli məqsədi Bakıya qoşun yeridərək diqqəti Naxçıvan cəbhəsindən yayındırmaq idi. Keçmiş sovet rəhbərliyi anklav şəraitində yaşayan, köməksiz qalan Naxçıvanın Ana Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən işğal olunmasına şərait yaratmağa çalışırdı. Lakin tarix sübut etdi ki, birlik, inam, Vətən sevgisi, yurda bağlılıq olan yerdə, hətta güclü düşmənə belə, qalib gəlmək mümkündür. Ötən il Əlahiddə Ümumqoşun Ordunun uğurla həyata keçirdiyi Günnüt əməliyyatı isə bir daha göstərdi ki, bu gün Naxçıvanın təhlükəsizliyi tam təmin olunub və gücü, qüdrəti ilə öyündüyümüz ordumuz muxtar respublikamızın strateji yüksəkliklərindən düşməni tam nəzarətdə saxlayır. Aprel döyüşləri və Günnüt zəfəri hər birimizdə bir daha əminlik yaratdı ki, ordumuz işğal altında olan torpaqlarımız istənilən vaxt düşməndən azad etmək qüdrətindədir.

Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Regionlar 2019-01-18 13:53:00