×
A
A
A
Sazlamalar

Beyləqanda yeni ailə quran 1413 nəfər tibbi müayinədən keçib

Beyləqan, 18 yanvar, AZƏRTAC 

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, 2018-ci ildə Beyləqanda 1413 nəfər müayinə olunub.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim hematoloqu Nəzakət Quliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xəstəxana skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunub. Xəstəxanada hematoloji kabinet yaradılıb. Götürülmüş qan nümunələri Bakı şəhərinə Xüsusi Qan Xidməti avtomobilləri ilə çatdırılır.
Nikaha daxil olmaq istəyən şəxslər rayon mərkəzi xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir. Ötən il aparılan müayinələr zamanı 17 nəfərdə talassemiya xəstəliyi aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılırlar. Bununla yanaşı, onlar xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də alırlar. Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir.

Regionlar 2019-01-18 13:46:00