×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

İyirmi Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Xiyabanın girişindəki bu kompozisiyanı güllərdən döşənən xalça və məzarlaradək divarlarda səkkizguşəli ulduzların üzərinə vurulan bir cüt qərənfil tamamlayacaq. Anım gününə bir neçə gün qalsa da, artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur. Ziyarətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşları da var.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır. Yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətini təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri görüləcək. Yanvarın 20-də səhər saatlarından Şəhidlər xiyabanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sərəncama əsasən paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

20 yanvar 2019-01-18 11:49:00

Video