×
A
A
A
Sazlamalar

“Azərenerji”: Stansiya, yarımstansiya və yüksəkgərginlikli ötürmə xətlərində qəza halı baş verməyib

Bakı, 18 yanvar, AZƏRTAC

Güclü küləyə görə “Azərenerji” ASC-nin stansiya, yarımstansiya və yüksəkgərginlikli ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib. Əksinə, yanvarın 16-sı ilə müqayisədə ayın 17-də istehsal və ixrac artıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar yanvar 17-də “Azərenerji”nin mərkəzi aparatı və bütün müəssisələri enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirilib. Qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün stansiyalarda fırlanan ehtiyat güc saxlanılıb.
Güclü külək olmasına baxmayaraq, “Azərenerji” ASC-nin balansında olan elektrik stansiyaları, yarımstansiyalar və yüksəkgərginlikli elektrik ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib. Əksinə tempraturun 10 dərəcə aşağı düşməsi ilə əlaqədar tələbat artdığı üçün yanvarın 16-sı ilə müqayisədə daha çox elektrik enerjisi istehsal edilib və ötürülüb. Belə ki, yanvarın 16-da 70,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib, yanvarın 17-də isə istehsal 1,1 milyon kilovat/saat artaraq 71,3 milyon kilovat-saat olub. Eyni zamanda, qonşu ölkələrə yanvarın 16-da 7,5 milyon kilovat/saat elektrik enerjisi ötürüldüyü halda, yanvarın 17-də 7,8 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

 

İqtisadiyyat 2019-01-18 11:46:00