×
A
A
A
Sazlamalar

Xızıda 340 qram civəni 32 min manata satmaq istəyən şəxs saxlanılıb VİDEO

Xızı, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Giləzi qəsəbəsində satış məqsədilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.
Saxlanılan zaman E.Bayramovun üzərində qanunla dövriyyəsi qadağan olunaraq zəhərli maddələr siyahısına daxil edilmiş 340 qram metallik civə aşkarlanıb.
Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Regionlar 2019-01-18 11:27:00

Video