×
A
A
A
Sazlamalar

Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Qahirə, 18 yanvar, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfirliyin müşaviri Azər Abbas 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət haqqında məlumat verib. Bildirib ki, 20 Yanvar Azərbaycan tarixində ən faciəli günlərdən biri olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq səhifəsidir. Ümummilli lider Heydər Əliyev qanlı hadisələr baş verən günlərdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək başda Mixail Qorbaçov olmaqla sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayəti dünya ictimaiyyətinə çatdırıb.
Daha sonra çıxış edən “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin rəhbəri Seymur Nəsirov tarixi faktlar əsasında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri digər soyqırımı və vəhşiliklərdən danışıb, bunların sosial medianın və KİV-lərin köməyilə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbir 20 Yanvar hadisələrini əks etdirən qısametrajlı filmin nümayişi ilə davam edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Qan yaddaşı 2019-01-18 03:15:00