×
A
A
A
Sazlamalar

Bu il Gəncə bir neçə festivala ev sahibliyi edəcək

Gəncə, 17 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Avropa İttifaqının xətti ilə Bakıda bir sıra mədəni layihələr həyata keçirilir. Bunların sırasında müxtəlif mövzulu festivallar da yer alır. Bunlardan biri bu ilin may ayında təşkil olunacaq və tolerantlıq mövzusuna həsr ediləcək. Gender bərabərliyi və qadınlara həsr olunan festivalın sentyabr ayına təsadüf edəcəyi gözlənilir. Üçüncü tədbir isə mədəni irsin təbliğinə həsr olunacaq və noyabr ayında baş tutacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Denis Daniilidis bu sözləri Gəncəyə səfəri çərçivəsində şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla keçirilən görüşdə səsləndirib.
Denis Daniilidis bildirib ki, bu festivallar çərçivəsində baş tutacaq tədbirlərdən bir neçəsinin Gəncədə keçirilməsi planlaşdırılır və səfərin də məqsədi bu istiqamətdə müzakirələr aparmaqdır.
Təklifi müsbət qarşılayan Niyazi Bayramov bu cür tədbirlərin Avropa İttifaqı ilə Gəncə arasındakı əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Regionlar 2019-01-17 18:57:00