×
A
A
A
Sazlamalar

Marneulidə iki azərbaycanlı “donuz qripi”nə yoluxub

Tbilisi, 17 yanvar, AZƏRTAC

Gürcüstanda qrip virusunun yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərə baxmayaraq virus, xüsusən də H1N1 (donuz qripi) azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə də yayılmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, qonşu ölkədə azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb. Onlardan ikisi azərbaycanlıdır.
Virusa yoluxmuş azərbaycanlılar - 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Hazırda xəstəxanada müalicə olunan qadının vəziyyəti orta ağır, uşağın durumu isə ağır kimi qiymətləndirilir.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan H1N1 virusundan 17 nəfər dünyasını dəyişib, 800-ə yaxın insan xəstəxanalarda qripdən müalicə olunur.
Gürcüstan hökuməti qrip virusuna yoluxanların müalicəsini öz üzərinə götürüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Səhiyyə 2019-01-17 18:53:00