×
A
A
A
Sazlamalar

Lerikin heyvandarlıq təsərrüfatlarında qarayara və bruselyoz xəstəliyinə qarşı peyvənd kampaniyasına başlanılıb

Lerik, 17 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lerikin heyvandarlıq təsərrüfatlarında profilaktiki tədbirlər davam etdirilir. Rayonda qarayara və bruselyoz xəstəliklərinə qarşı iribuynuzlu və təkdırnaqlı heyvanlar peyvənd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vaksinasiya işlərinə epizootik plana əsasən, yanvar ayının əvvəlindən başlanılıb. Heyvanların peyvəndləmə işləri 46 baytar mütəxəssis tərəfindən dövlət hesabına pulsuz aparılır. Bunun üçün Dövlət Baytarlıq Xidməti Lerik Rayon Baytarlıq İdarəsinə xeyli sayda vaksin göndərib.
Peyvəndləmə işləri 39 min iribuynuzlu, 111 min xırdabuynuzlu heyvanı, 190 min ev quşunu, 3500 iti əhatə edəcək.
İndiyədək Lerik rayonu üzrə 2000 başdan yuxarı heyvan qarayara xəstəliyinə qarşı peyvənd edilib, 600 başadək heyvandan isə qan nümunələri götürülüb.
Rayonun heyvandarlıq təsərrüfatlarında qarayara xəstəliyinə qarşı profilaktiki tədbirlər fevralın 15-dək başa çatdırılacaq. Bruselyoz xəstəliyinə qarşı seroloji müayinələr isə ilin sonunadək davam etdiriləcək.

Kənd təsərrüfatı 2019-01-17 18:24:00