×
A
A
A
Sazlamalar

Ağdamda dini radikalizmə qarşı mübarizə tədbirləri müzakirə olunub

Ağdam, 17 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun İmamqulubəyli qəsəbəsindəki mədəniyyət evində “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Dini radikalizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağdamın Xındırıstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə qəsəbə sakinləri, ziyalılar, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev çıxış edərək, Azərbaycanda dövlət-din münasibətlərindən, mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təminatı sahəsində görülən işlərdən, multikulturalizm və tolerantlıqdan, eyni zamanda, dini radikalizmin mahiyyətindən bəhs edib, dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov və Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov çıxışlarında dini radikalizm anlayışı, dini radikalların insanları öz sıralarına cəlbetmə üsulları haqqında ətraflı məlumat verib, gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsindən, onların radikal təsirlərdən qorumağın yollarından bəhs ediblər.
Qəsəbənin ərazi nümayəndəsi Xətai Abdullayev, ziyalılardan Əkbər Məmmədov, Aynurə Səlimova və başqaları çıxış edərək, bu kimi maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin önəmini diqqətə çatdırıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2019-01-17 17:05:00