×
A
A
A
Sazlamalar

20 Yanvar - xalqımızın azadlıq və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri

Qax, 17 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəzinə ucalıblar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə fəxr edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Qax rayon Gənclər və İdman İdarəsi və YAP rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə yanvarın 17-də Qax şəhərində keçirilən “dəyirmi masa”da səsləndirilib.
Fəal gənclərin iştirak etdiyi tədbirdə bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, insanlığa sığmayan acı nəticələri konkret faktlarla bir daha xatırlanıb, Qanlı Yanvar faciəsinin qəhrəmanlıq və şəhidlik zirvəsi kimi, xalqımızın qan yaddaşına əbədi həkk olunduğu bildirilib.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elvin Həsilov, idarənin könüllüsü Nəcməddin Sofiyev və başqaları çıxış edərək, 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi daxil olduğunu bildiriblər. 20 Yanvar hadisələrinin müasir tariximizdə xalqımızın azadlıq və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığı, gələcək nəsillər üçün əsl qəhrəmanlıq örnəyi olduğu xüsusi vurğulanıb.
Sonda 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Regionlar 2019-01-17 16:56:00