×
A
A
A
Sazlamalar

Moskvadakı diplomatik korpusun duayeni Polad Bülbüloğlunun təşəbbüsü ilə Zurab Seretelinin yubiley gecəsi keçirilib

Moskva, 17 yanvar, AZƏRTAC
Rusiya paytaxtında akkreditə olunmuş diplomatik korpusun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin dövlət protokol departamentinin dəstəyi ilə Moskvada Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, UNESCO-nun xoşməramlı səfiri Zurab Seretelinin yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Zurab Sereteli adına İncəsənət Qalereyasında keçirilən tədbirdə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, RF XİN-in nümayəndələri, xarici ölkələrin Moskvada akkreditə olunmuş səfirləri iştirak ediblər.
Yubiley gecəsini açan RF XİN-in dövlət protokol departamentinin direktoru İqor Boqdaşov böyük rəssamın yubiley tədbirinin keçirilməsi ideyasına görə diplomatik korpusun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirib. Diplomat deyib: “Biz çox şadıq ki, tədbirdə 80 səfirlə yanaşı daha biri – xoşməramlı səfir Zurab Sereteli iştirak edir. Biz Zurab Konstantinoviçi yubileyi münasibətilə təbrik edirik və ona uzun ömür arzulayırıq”.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Zurab Sereteli bütün həyatı boyu öz sənəti ilə ölkələri və xalqları birləşdirib. Səfir deyib: “Bu gün də görkəmli rəssam Moskvada onu yubiley münasibətilə təbrik etmək və bir-birimizlə ünsiyyət qurmaq üçün bizim hamımızı, müxtəlif ölkələrin səfirlərini bir yerə toplayıb. Mən vaxt tapıb bu tədbirdə iştirak etdiklərinə görə bütün səfir həmkarlarıma minnətdaram və gözəl insan, böyük rəssam Zurab Seretelini yubileyi münasibətilə təbrik edirəm”.
Müstəqil Dövlətlər Birliyi işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Eleonora Mitrofanova qeyd edib ki, Zurab Sereteli xoşməramlı səfirdir. O əlavə edib: “Mən onu həm də xoşbəxtlik elçisi adlandırardım. O, ətrafındakılara xoşbəxtlik və nur bəxş edən insandır”. E.Mitrofanova RF XİN və “Rossotrudniçestvo”nun adından Zurab Sereteliyə “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” döş nişanını təqdim edib.
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın Əməkdar incəsənət xadimi, M.M. İppolitov-İvanov adına Dövlət Musiqi Pedaqoji İnstitutunun rektoru, həmin institutun kamera orkestrinin rəhbəri Valeri Vorona və digər çıxış edənlər görkəmli rəssamı yubileyi münasibətilə təbrik ediblər.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2019-01-17 16:45:00