×
A
A
A
Sazlamalar

Ekspert: Əsas məqsəd kənd təsərrüfatının xidmət sektorunun müasir tələblər səviyyəsində yenidən təşkil olunmasıdır

Bakı, 17 yanvar, AZƏRTAC

Ötən il ölkə səviyyəsində kənd təsərrüfatına baxış mahiyyətcə dəyişdi, yeni yanaşmalar meydana gəldi. Buna baxmayaraq, kənd təsərrüfatını xidmətyönümlü sahəyə çevirmək, məşğulluq səviyyəsini yüksəltmək, təsərrüfatlarda dəyər zənciri yaratmaq kimi hədəflər hələ də qarşıda durur. Bu məsələlərin həllində böyük rol oynayan fermerlərin istehsal prosesini təşkil etmək üçün çoxsaylı xidmətlərə ehtiyacları var və bu xidmətlər fasiləsiz olaraq verilməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib.
Onun sözlərinə görə, ötən ilin ikinci yarından başlayan institusional islahatların əsas məqsədi kənd təsərrüfatının xidmət sektorunun müasir tələblər səviyyəsində yenidən təşkilidir. Rayonlardakı kənd təsərrüfatı idarələrinin ləğv edilərək Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılması, Kənd Təsərrüfatı Nazirliyinin xidmət qurumlarında aparılan kadr islahatları, texnika və damazlıq heyvan bazarında biznes münasibətlərinin formalaşdırılması məqsədilə “Aqrolizinq” sistemində aparılan köklü dəyişiklik, kənd təsərrüfatı kreditləri alətlərinin yenidən təşkili, arıçılığın subsidiyaya cəlb edilməsi, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin ləğv edilərək yenidən təşkili istiqamətində atılan addımlar, eyni zamanda, Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması kənd adamlarına göstərilən xidmətlərin lazımi səviyyədə olmamasını göstərirdi və yəqin ki, bu sahədəki problemlər bundan sonra xeyli dərəcədə aradan qaldırılacaq.
“Əvvəlki dövrlərdə hesab edirdilər ki, xidmətlərin operativ çatdırılması üçün hər xidmət üzrə ayrıca qurumların yaradılması vacibdir. İndi isə siyasət onun üzərində qurulub ki, bütün xidmətlər vahid pəncərədən təqdim olunmalıdır”, - deyə ekspert bildirib.

 

Kənd təsərrüfatı 2019-01-17 15:20:00