×
A
A
A
Sazlamalar

Energetika Nazirliyi: Keçən il 30 milyard kubmetrdən çox təbii qaz hasil edilib

Bakı, 17 yanvar, AZƏRTAC

Ötən il Azərbaycanda 30,4 milyard kubmetr təbii qaz hasil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, hesabat ilində proqnozdan 500 milyon kubmetr çox olmaqla 30 milyard 422 milyon kubmetr qaz hasil edilib. Bu həcmin 6 milyard 547 milyon kubmetri SOCAR-ın, 12 milyard 506 milyon kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarının, 11 milyard 369 milyon kubmetri isə “Şahdəniz” yatağının payına düşüb.
Respublika üzrə qaz idxalı keçən il 1 milyard 798 milyon 200 min kubmetr təşkil edib. Belə ki, İrandan 799 milyon 200 min kubmetr, Rusiyadan isə 999 milyon kubmetr təbii qaz idxal olunub.
Hazırda Azərbaycanda gündəlik orta hesabla 110 min ton neft və 94 milyon kubmetr qaz hasil edilir. Bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənilən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Ümid” yataqlarından alınır.

Neft - qaz 2019-01-17 15:07:00