×
A
A
A
Sazlamalar

İşəgötürənlərin iştirakı ilə seminar-müşavirə keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti paytaxtın Səbail rayonunda "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında seminar-müşavirə keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə təşkil olunub.
Paytaxtın Nəsimi rayonundan da ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub. İşəgötürənlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Seminar-müşavirədə qeyri-rəsmi məşğulluğun işçi hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu diqqətə çatdırılıb, əmək münasibətlərinin qeyri-formal şəkildə qurulmasının mənfi nəticələri qeyd olunub.

Sosial 2019-01-17 14:43:00