×
A
A
A
Sazlamalar

Zaqatalanın dağ çaylarında sahilbərkitmə işləri aparılır

Zaqatala, 17 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədilə rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir.
Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Üçüncü Tala və Danaçı kəndlərinin ərazisindəki fındıq bağlarının, həmçinin Qırğıllı yaşayış məntəqəsinin sel sularından qorunması üçün hazırda Talaçay sistemində sahil boyunca torpaq mühafizə bəndlərinin möhkəmləndirilməsi və məcra təmizləmə işləri aparılır. Eyni zamanda, Əliabad qəsəbəsinin və Qımır kəndinin sel sularından mühafizəsi üçün Muxax çayında sahilbərkitmə işləri yerinə yetirilir.
İdarədən verilən məlumata görə, 2018-ci ildə Tala, Muxax, Katex, Qanıx və Bəkməz çayların yataqlarında, ümumilikdə, 1 milyon 290 min kubmetr həcmində təmizləmə işləri həyata keçirilib. Bundan əlavə, Suvagil, Əliabad, Qımır, Çobankol, Mamrux, Gözbarax və Yuxarı Çardaxlar yaşayış məntəqələrinin sel sularından qorunması məqsədilə Muxax çayında 2 min 426 kubmetr həcmində daş beton bəndlər təmir edilib, 760 kubmetr qabion bəndlər quraşdırılıb. Aşağı Çardaxlar və Qusur kəndlərinin qorunması üçün Qanıx çayının sahilində torpaq bəndlər qurulub, mühafizə kanalları qazılıb.

Regionlar 2019-01-17 14:15:00