×
A
A
A
Sazlamalar

Sərbəst güləş üzrə Masallı rayon birinciliyi başa çatıb

Masallı, 17 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə rayon birinciliyi başa çatıb. Birincilik 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda 100-ə yaxın idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.
Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov bildirib ki, 20 Yanvar faciəsi qəhrəmanlıq salnaməsi kimi hər bir azərbaycanlının yaddaşına həkk olunub.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında qeyd edib ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına qızıl hərflərlə yazılıb. O, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərdiyini diqqətə çatdırıb.
Çıxış edənlər yarış iştirakçılarına yeni-yeni qələbə sevincləri arzulayıblar.

Regionlar 2019-01-17 13:16:00