×
A
A
A
Sazlamalar

Qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində uğurla təmsil olunur və yüksək fəallıq göstərirlər

Naxçıvan, 17 yanvar, AZƏRTAC
Qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində uğurla təmsil olunur və yüksək fəallıq nümayiş etdirirlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində “Milli dəyərlərimizin qorunmasında qadınların rolu” mövzusunda keçirilən dəyirmi masada danışılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında qadınların cəmiyyət həyatındakı rolundan söz açıb, müxtəlif sahələrdə uğurla təmsil olunduqlarını və yüksək fəallıq nümayiş etdirdiklərini bildirib.
Tədbirdə təməl tibb fənləri kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kübra Cəfərova, İngilis dili və tərcümə kafedrasının müdiri İlhamə Məmmədova çıxış edərək muxtar respublikada milli dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdə qadınların fəal iştirakından danışıblar. Diqqətə çatdırılıb ki, milli və xalq tətbiqi sənət növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ötən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən tədbirlərdə qadınların əl işlərinin kütləvi satışının təşkili də belə tədbirlərdəndir.
Qeyd olunub ki, bu gün qədim xalq sənətimiz olan xalçaçılığın inkişafına diqqət göstərilir, bununla bağlı ardıcıl tədbirlər həyata keçirilir. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı milli dəyərlərimizin yaşadılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2019-01-17 13:04:00