×
A
A
A
Sazlamalar

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir

Sumqayıt, 17 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
İdarədən AZƏRTAC–a bildirilib ki, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, “Dostluq” mədəniyyət evi və Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Şəhidlər azadlığın uca heykəl daşıdır” adlı xatirə gecəsi təşkil edilib. “Dostluq” mədəniyyət evinin bədii rəhbəri Gülnar Məmmədovanın aparıcılığı ilə keçən tədbirdə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı, ssenarist Hafiz İmamnəzə qanlı faciə ilə bağlı təəssüratlarını oxucularla bölüşüblər.
Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri şeirlər səsləndirib, “Dostluq” ansamblı muğam ifa edib. Tədbir “Qanla yazılan tarix” başlığı altında nümayiş etdirilən sərgiyə baxışla sona yetib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyi və Zəngilan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Qəhrəmanları olan Vətən basılmaz!" adlı şeir və esse müsabiqəsi də keçirilib. Məktəblilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, bədii qiraətə marağın artırılması, xüsusi istedada malik yeniyetmə və gənclərin aşkarlanaraq üzə çıxarılması məqsədilə keçirilən müsabiqədə rayonun 29 məktəbindən şagirdlər iştirak edib. Esse müsabiqəsi üzrə I yerə 1, II yerə 4, III yerə 22 saylı məktəblərin şagirdləri, şeir müsabiqəsi nəticələrinə görə I yerə 4, II yerə 13, III yerə 1 saylı orta məktəblərin şagirdləri layiq görülüblər. Sonda müsabiqənin qalibləri diplomla təltif olunublar.
Zəngilan rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə isə MKS-in direktoru Məhruzə Cəfərova və kitabxananın əməkdaşı Könül Rüstəmovanı mövzu ilə əlaqədar çıxışları dinlənilib. Sonda tədbir iştirakçıları kitab və mətbuat materiallarından ibarət “Qanlı 20 Yanvar” sərgisi ilə tanış olublar.

Regionlar 2019-01-17 12:40:00