×
A
A
A
Sazlamalar

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində ötən ilin yekunları müzakirə olunub

Naxçıvan, 17 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbirləri çərçivəsində ötən il Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 9 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri, 10 müəssisə, idarə və təşkilatlarda audit yoxlamaları aparılıb. 2018-ci ildə həyata keçirilmiş audit tədbirləri 22676,5 min manat məbləğində vəsaiti əhatə edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda səsləndirilib.
İclasda idarənin rəisi Fazil İbrahimov çıxış edərək bildirib ki, respublikamızda təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yeni iş yerləri yaradılıb, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, iqtisadiyyata investisiya qoyuluşlarının artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə nail olunub.
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin 2018-ci ildəki fəaliyyəti idarənin Əsasnaməsinə, təsdiq olunmuş iş planına və digər müvafiq normativ sənədlərə əsasən davam etdirilir.
Diqqətə çatdırılıb ki, idarəyə 2018-ci ildə dövlət təşkilatlarından 26-sı elektron olmaqla, 74 məktub daxil olub. 19-u elektron olmaqla, 80 məktub isə dövlət təşkilatlarına göndərilib. İdarənin 2018-ci il üçün təsdiq olunmuş iş planına əsasən, Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin dövlət büdcəsinin icrası haqqında illik hesabata rəy hazırlanıb.
Nəzarət tədbirlərinin əhatə etdiyi büdcə vəsaitlərinin 25,7 faizi mərkəzi icra hakimiyyəti orqanları və onların tabeli qurumları, 3,7 faizi səhiyyə, 5,4 faizi təhsil, 56,1 faizi mədəniyyət müəssisələri, 9,1 faizi digər qurumlar tərəfindən icra olunub.
Diqqətə çatdırılıb ki, idarə tərəfindən həyata keçirilmiş 10 nəzarət tədbirinin dövlət büdcəsinin funksional təsnifatı üzrə strukturu müəyyən olunub. Aparılan audit tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub və maliyyə orqanlarına məlumat göndərilib. Görülmüş tədbirlər nəticəsində artıq ödənilmiş əməkhaqqının 2902 manatı tutularaq büdcəyə bərpa edilib.
İdarə bu istiqamətdə öz fəaliyyətini daha da gücləndirərək nəzarət tədbirləri üzrə müvafiq nəticələrin əldə edilməsinə nail olmağa çalışacaq.
Vurğulanıb ki, 2019-cu ildə də idarənin əməkdaşları işlərini günün tələbləri səviyyəsində qurmalı, hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir.
İdarənin rəisi məruzəsinin sonunda əminliyini bildirib ki, kollektiv 2019-cu ildə də səylə çalışacaq, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcək.

Regionlar 2019-01-17 12:15:00