×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri ötən il 118,2 faiz icra olunub

Naxçıvan, 17 yanvar, AZƏRTAC
2018-ci ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 73 milyon 400 min manat təyinata qarşı 86 milyon 794 min 879 manat və ya 118,2 faiz icra olunmaqla, büdcəyə 13 milyon 394 min 879 manat artıq vəsaitin mədaxil edilməsi təmin olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında danışılıb.
İclasda Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, kənd yollarının yenidən qurulması, yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin səmərəli maliyyələşdirilməsinə nail olunub. Büdcə gəlirlərinin 84,3 faizi və ya 73 milyon 205 min 241 manatı Vergilər Nazirliyi, 10,8 faizi və ya 9 milyon 378 min 630 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılıb, 4,3 faizi və ya 3 milyon 743 min 409 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 467 min 599 manatı isə digər mənbələr hesabına icra edilib.
Qeyd edilib ki, iqtisadi təsnifata uyğun olaraq ötən il muxtar respublika dövlət büdcəsi xərclərinin 34 faizi və ya 169 milyon 88 min manatı əməyin ödənişinə, 9,8 faizi və ya 48 milyon 567 min manatı malların, işlərin və xidmətlərin satın alınmasına, 3 faizi və ya 14 milyon 804 min manatı subsidiyalar və cari transferlərə, 0,2 faizi və ya 750 min manatı ipoteka kreditlərinin ayrılmasına, 3,5 faizi və ya 17 milyon 645 min manatı təqaüdlər və sosial müavinət xərclərinə, 27,2 faizi və ya 135 milyon 244 min manatı icarə və muzdlu xidmətlərə, mənzil fondunun, müxtəlif təyinatlı obyektlərin, yolların əsaslı təmirinə və digər xərclərə, 22,3 faizi və ya 110 milyon 911 min manatı isə qeyri-maliyyə aktivlərinin alınmasına sərf olunub. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin icrasında sosialyönümlü sahələrə – əməyin ödənilməsi, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinə 2017-ci illə müqayisədə 4 milyon 697 min manat, yaxud 2,4 faiz çox olmaqla, 197 milyon 304 min manat vəsait xərclənib ki, bu da 2018-ci il büdcə xərclərinin 39,7 faizini təşkil edib.
“Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların satın aldığı mal-material və avadanlıqların real dəyəri ilə realizə edilməsinə, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət həyata keçirilməklə ötən il 2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb”, – deyən Səbuhi Məmmədov vurğulayıb ki, bundan başqa, dövlət müəssisə və təşkilatlarında aparılan yoxlamalar zamanı əmək intizamına əməl edilməməsi, ayrılan vəsaitlərin təyinatına uyğun istifadə olunmaması, əməkhaqqının artıq hesablanması, büdcə vəsaitlərindən istifadə qaydalarının pozulması, müəyyən olunmuş smetadan kənara çıxılması, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi halları aşkarlanaraq rəsmiləşdirilib, qanunamüvafiq qaydada intizam tənbehi, cərimələr və digər tədbirlər tətbiq edilib. Əsassız xərc, cərimə və dəymiş zərərə görə 371 min manat məbləğində vəsait dövlət büdcəsinə geri qaytarılıb.
Vurğulanıb ki, ötən il Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən nazirliyin tabeliyində 2 yeni qurum – Maliyyə Tədris Mərkəzi və Dövlət Maliyyə Nəzarəti İdarəsi yaradılıb. Qeyd olunan bütün dəyişikliklər maliyyə sistemi iştirakçılarının vəzifə öhdəliklərini artırır və onların işə daha məsuliyyətli yanaşmasını tələb edir. Cari ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün maliyyə orqanları büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə dövlət nəzarətini daha da gücləndirməli, maliyyə sistemi əməkdaşları qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün yüksək səy göstərməli, dövlət büdcəsinin icrası istiqamətində bütün zəruri tədbirləri həyata keçirməlidir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, nazirliyin cari il üçün iş planı təsdiq olunub.

 

Regionlar 2019-01-17 11:42:00