×
A
A
A
Sazlamalar

Azərbaycan Hindistanda beynəlxalq “SATTE 2019” sərgisində təmsil olunur

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkənin turizm potensialının irimiqyaslı təbliğatı məqsədilə yanvarın 16-18-də Hindistanda Nyu-Dehli şəhərində keçirilən “SATTE 2019” beynəlxalq sərgisində iştirak edir.
Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun mütəxəssisləri ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC-nin, Heydər Əliyev Beynəlxalq Hava Limanının, Bakı Turizm İnformasiya Mərkəzi, müxtəlif turizm şirkətləri və hotellərin nümayəndələri daxil olmaqla ümumilikdə 19 qurum təmsil edir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgi 26 ildir Hindistanın Turizm Nazirliyi və BMT-nin Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilir. Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisi olaraq dünyanın müxtəlif ölkələrindən turizm və hotelçilik sahəsində olan şirkətlərin mütəxəssislərinin təcrübələrini bölüşdüyü platformadır.
Dünyanın 40-dan çox ölkəsindən 1000-dən çox iştirakçının öz turizm imkanlarını nümayiş etdirdiyi sərgi keçən il 30 min ziyarətçi qəbul edib.

Turizm 2019-01-16 17:55:00