×
A
A
A
Sazlamalar

Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb

Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların vəziyyəti ilə yerində tanış olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin problemlərinin həllinin prioritet istiqamət olduğu, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlərin həyata keçirildiyi, yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasının sürətləndirilməsi üçün zəruri işin aparıldığı qeyd olunub.
Məcburi köçkünlərin müraciətləri dinlənilib, sualları cavablandırılıb. Köçürülmə ilə əlaqədar müraciət edən məcburi köçkünlərə məlumat verilib ki, əvvəlcə qəzalı şəraitdə, həyat üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni mənzillərlə təmin edilir.
Görüşdə iştirak edən məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Dövlət Komitəsi rəhbərliyinin məcburi köçkünlərlə bilavasitə müvəqqəti yaşayış yerlərində görüşləri davam etdiriləcək.

Cəmiyyət 2019-01-16 17:42:00