×
A
A
A
Sazlamalar

Zaqatalada heyvandarlıq məhsullarının istehsalı artıb

Zaqatala, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

2018-ci ildə Zaqatala rayonunda diri çəkidə ət istehsalı əvvəlki illə müqayisədə 140 ton artaraq 9 min 409 ton olub. Rayonun şəxsi və fermer təsərrüfatlarında 43 min 590 ton, yəni əvvəlki ildəkindən 95 ton çox süd istehsal edilib. Yumurta istehsalı əvvəlki illə müqayisədə 840 min ədəd artaraq 22 milyon 480 min ədəd olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Rayonun Yeni Suvagil kəndində fəaliyyət göstərən “Bərəkət” özəl damazlıq müəssisəsi də ötən ili uğurlu göstəricilərlə başa vurub. Təsərrüfat əsasən, damazlıq, ətlik xırda buynuzlu heyvan istehsalı ilə məşğul olur.
Müəssisənin rəhbəri Xalid Məmmədovun sözlərinə görə, hazırda təsərrüfatda 2500 baş xırdabuynuzlu heyvan saxlanılır. Ötən il alıcılara 10 ton ət, 3 ton yun satılıb. Təsərrüfatda 11 nəfər işçi çalışır.
Keçən il gəlirlərinin xeyli artdığını deyən təsərrüfat rəhbəri aqrar sahənin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Kənd təsərrüfatı 2019-01-16 17:18:00