×
A
A
A
Sazlamalar

Leyla İmanova: “Nəsimi ili” çərçivəsində Mərkəzi Elmi Kitabxana tərəfindən fəaliyyət planı hazırlanıb

Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” müvafiq sərəncamlarının icrası ilə bağlı cari il üçün fəaliyyət planı hazırlayıb. Fəaliyyət planında MEK-in fondlarında Nəsimiyə aid mühafizə olunan sənədlərin təftişi, sənədlərin sistemli axtarışı və mübadiləyə uyğunlaşdırılmış formatda elektron kataloqa, rəqəmsal bazaya daxil edilməsi, “Nəsimi” adlı e-bazanın yaradılması əsas yeri tutur.
Bunu AZƏRTAC-a açıqlamasında MEK-in direktoru Leyla İmanova deyib. O bildirib ki, bu mənbələr barədə media vasitəsilə, o cümlədən MEK-in rəsmi www.mek.az saytında, sosial şəbəkələrdəki səhifələrində paylaşımlar edilməklə ictimaiyyətə müntəzəm məlumatların verilməsi nəzərdə tutulub. Bundan başqa, kitabxana sərbəst ensiklopedik resurslarda - müxtəlif dillərdə olan “Vikipediya”larda Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı məqalələrin yaradılmasını, mövcud olan məqalələrin əsaslı şəkildə redaktə edilməsini, 2019-cu ilin dekabrına qədər MEK-in sərgi salonunda sərginin təşkilini, “Bir kitabın izi ilə” formatında elektron təqdimatın hazırlanması və nümayişini, “Milli Rəqəmsal Yaddaşda Nəsimi irsi” mövzusunda müsabiqə keçirilməsini də hədəfləyib. Bütün bu fəaliyyətlərin icrasının AMEA-nın müəssisələri və mövzuya aid başqa qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Elm və təhsil 2019-01-16 16:52:00