×
A
A
A
Sazlamalar

Keçmişimizi unutmuruq, sabahımıza inamla irəliləyirik

Füzuli, 16 yanvar, AZƏRTAC

Füzuli rayonunda müstəqilliyimizin, azadlığımızın başlanğıcı olan 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Dövlət Dram Teatrında rayon icra hakimiyyətinin səhiyyə işçiləri ilə birgə keçirdiyi növbəti tədbir “Keçmişimizi unutmuruq, sabahımıza inamla irəliləyirik” adı altında keçirilib. Əvvəlcə Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək, xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakı şəhərində törədilən faciədən, dinc əhaliyə qarşı həyata keçirilən vəhşilikdən, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışıb.
Digər çıxış edənlər də 29 il əvvəl Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışıb, baş verənləri insanlığa qarşı cinayət adlandırıblar.
Sonda Füzuli Dövlət Dram Teatrının aktyorları tərəfindən “Qanlı Yanvar” adlı tamaşa nümayiş olunub.

Regionlar 2019-01-16 15:47:00