×
A
A
A
Sazlamalar

Ötən il pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib

Bakı, 16 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi qayğısı, dövlət başçısı tərəfindən bu məqsədlə imzalanan Fərman və Sərəncamlar nəticəsində 2018-ci ildə də sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərdə artım tempi davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin məbləği isə 10 faiz artıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın Milli Qəhrəmanları üçün təqaüdünün məbləği 15 faiz artırılaraq 1500 manata çatdırılıb.
Həmin istiqamətlər üzrə ayrılan vəsaitlərdə də artım özünü göstərib: 2018-ci ildə əmək pensiyaları üzrə ödənişlərə əvvəlki illə müqayisədə 234,7 milyon manat çox olmaqla 3 523,2 milyon manat, sosial müavinət və təqaüdlərə isə 58,2 milyon manat çox olmaqla 428,8 milyon manat vəsait xərclənib.

Sosial 2019-01-16 15:52:00