×
A
A
A
Sazlamalar

“Azərenerji” hava şəraitinin dəyişməsi ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Bakı, 16 yanvar, AZƏRTAC

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil ediləcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərenerji”nin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərlərinə yanvarın 17-18-də enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilərin iş yerlərində olmaları, rəhbər şəxslərin iş rejiminə nəzarəti gücləndirmələri tapşırılıb. Enerji sistemində qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılmasına, Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işinə nəzarət gücləndiriləcək.
Eyni zamanda, ASC-nin müəssisələrinin, o cümlədən mühəndis-kommunikasiya və rabitə xətlərinin mühafizəsinin gücləndirilməsinin təmin edilməsi də qarşıya məqsəd kimi qoyulub.

İqtisadiyyat 2019-01-16 12:10:00