×
A
A
A
Sazlamalar

Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib

Bakı, 16 yanvar, AZƏRTAC
Ötən ilin yanvar-noyabr aylarında 1 milyard 531,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu, 2017-ci ilin müvafiq aylarına nisbətən faktiki qiymətlərlə 10,5 faiz, real ifadədə isə 1,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hesabat aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21 faiz, təzə tərəvəz 0,3 faiz, kartof 15,5 faiz, bitki yağları 10,8 faiz, meyvə və tərəvəz konservləri 13,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 1,8 dəfə, pambıq lifi 2,5 dəfə, polietilen 9,3 faiz, emal olunmamış alüminium 12,2 faiz, qara metallardan borular 4,7 faiz, pambıq ipliyi 31 faiz artıb. Şəkər ixracı 32,8 faiz, tütün 8,7 faiz, çay 19,4 faiz, meyvə və tərəvəz şirələri 21,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 10,9 faiz, qara metallardan yarımfabrikatlar 55,5 faiz, bentonit gili isə 10,5 faiz azalıb.
2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən ilin 11 ayında siqaret idxalı 2,6 faiz, təzə meyvə 47,9 faiz, çay 0,2 faiz, quş əti və onun əlavə məhsulları 28,9 faiz, qara metallardan borular 1,7 dəfə, minik avtomobilləri 2,4 dəfə, qara metallardan çubuqlar 44,1 faiz, mineral gübrələr 1,6 dəfə, mebellər 23,8 faiz, hesablama maşınları, blok və qurğuları 14,1 faiz, polietilen 28,3 faiz, məişət kondisionerləri 39,4 faiz, paltaryuyan maşınlar 10,4 faiz, qara metallardan künclüklər 4,1 faiz, yük avtomobilləri 1,9 dəfə, avtobuslar 39,1 faiz, sement və sement klinkerləri 42,1 faiz, məişət soyuducuları 1,8 dəfə artıb. Buğda idxalı 11,5 faiz, bitki yağları 10,7 faiz, xam şəkər və şəkər 34,3 faiz, kərə yağı, digər süd yağları və pastaları 14,4 faiz, kartof 9,1 faiz, mal əti 12,5 faiz, təzə tərəvəz 43,4 faiz, polad prokatı 9,8 faiz, rezin şinlər isə 8,6 faiz azalıb.

İqtisadiyyat 2019-01-16 11:06:00