×
A
A
A
Sazlamalar

Azərbaycan Dillər Universitetində Şərq dilləri müəllimləri üçün elmi-metodiki seminar keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin xarici dillər kafedrasının dəstəyi ilə “Şərq dilləri üçün ixtisas imtahanları” mövzusunda elmi-metodik seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının aparıldığı rəsmi Çin dili test mərkəzinin fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, HSK və HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatların alınması gənclərimizin Çin Xalq Respublikasında təqaüdlə təhsil alması üçün imkan yaradır.
Konfutsi İnstitutunun müəllimi Li Changyong iştirakçıları imtahanların məzmunu, dinləmə, oxu, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları ilə tanış edib. Bildirilib ki, bir neçə səviyyədən ibarət olan bu imtahan Çin dilini bilməyənlər üçün standart ixtisas imtahanıdır.
ADU-nun Hindi Dili və Mədəniyyəti Mərkəzinin müdiri Səidə Mirzəyeva və həmin mərkəzin müəllimi Rupali Sinha, Yapon Mərkəzinin müdiri Yaşar İbrahimov, İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin müdiri Emiliya Xudiyeva müvafiq ölkələrin rəsmi təşkilatlarında dil, bilik səviyyəsini müəyyən etmək üçün ixtisas imtahanlarının xüsusiyyətləri barədə danışıblar.
Seminarın sonunda Şərq dillərinin tədrisində innovativ metodların tətbiqi üzrə geniş fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2019-01-16 10:38:00