×
A
A
A
Sazlamalar

İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmləri üzrə tədqiqatlar aparılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda internet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmləri üzrə tədqiqatlar aparılıb.
Bu barədə institutun növbəti elmi seminarında məlumat verən şöbə müdiri Rasim Mahmudov apardığı tədqiqatların elmi-nəzəri nəticələrindən danışıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatlara əsasən işdə internet iqtisadiyyatının əsas qanunauyğunluqları, üstünlükləri və problemləri müəyyən edilib, internet-yurisdiksiya, internet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi, intellektual mülkiyyət hüquqlarının qorunması, internetin perspektiv texnologiyaları ilə bağlı inkişaf problemləri müəyyən edilib, onların həlli mexanizmləri işlənib.
Akademik Rasim Əliquliyev mövzunun aktuallığını vurğulayıb. Qeyd edib ki, internetin təsiri ilə ənənəvi iqtisadi sistemin köklü dəyişikliklərə məruz qalması, internet mühitində yeni iqtisadi münasibətlərin formalaşması, iqtisadi təhlükəsizliyin təmin olunmaması, intellektual mülkiyyət hüquqlarının qorunmaması, əşyaların interneti, Big Data, bulud texnologiyaları və s. ilə bağlı iqtisadi münasibətlərin tənzimlənməsi zərurəti mövzunun aktuallığını səciyyələndirən əsas məsələlərdəndir. Alim alınan elmi-nəzəri nəticələrin sistemləşdirilərək müvafiq mövzuda dissertasiya işinin hazırlanmasını dəstəklədiyini bildirib.

Elm və təhsil 2019-01-15 19:09:00