×
A
A
A
Sazlamalar

Yunan-Roma güləşçilərimiz Bakıda təlim-məşq toplanışında iştirak edirlər

Bakı, 15 yanvar, AZƏRTAC

Yunan-Roma güləşi üzrə yığmamız 2019-cu ilin ilk yarışlarına hazırlığı Bakıda davam etdirir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Olimpiya Güləş Mərkəzində yeni ilin ilk təlim-məşq toplanışına start verən millimiz tam heyətlə hazırlıq keçir. Baş məşqçi Şaban Donat perspektiv vəd edən yeniyetmə və gənc güləşçiləri də əsas komandanın hazırlıq prosesinə cəlb edib. Bu toplanışda əsas diqqət fiziki hazırlığa ayrılıb. Belə ki, pəhləvanlarımız xalça üzərində məşq etməklə yanaşı, fitness çalışmaları və kross qaçışında da iştirak edirlər.
Qarşıda komandamızı 2 ənənəvi yarış gözləyir. Yunan-Roma güləşçilərimiz yanvarın 24-25-də İranda “Təxti Kuboku”nda, fevralın 1-3-də isə Türkiyədə Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvələrini sınayacaqlar. Yaxın günlərdə hər iki yarış üçün heyət ictimaiyyətə açıqlanacaq.

İdman 2019-01-15 18:40:00