×
A
A
A
Sazlamalar

Fevralın 1-dən “Azəriqaz” tərəfindən sayğaclara profilaktik baxış keçiriləcək

Bakı, 15 yanvar, AZƏRTAC

Fevralın 1-dən başlayaraq “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən qaz sayğaclarına profilaktik baxış keçiriləcək.
“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, birlik il-ildən abonentlərini daha da məmnun etmək məqsədilə müxtəlif texniki tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri isə uzun müddət profilaktik xidmət göstərilməsi mümkün olmayan sayğaclara yerində texniki xidmətin keçirilməsi olacaq ki, bu da gələcəkdə həmin abonentlərin fasiləsiz qazla təminatına zəmanət yaradacaq.
Əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin eyvanında quraşdırıldığı üçün mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır. Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur. Nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilir.
Bütün bunları nəzərə alaraq, mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədilə fevralın 1-dən başlayaraq “Azəriqaz” tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulur.
Bununla bağlı qaz istehlakçılarından “Azəriqaz”ın işçisi olduğu haqda təsdiqedici vəsiqəsi olan mütəxəssislərin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmaları xahiş edilir.

Neft - qaz 2019-01-15 18:34:00