×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub

Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş “Qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan institutun rektoru Ceyhun Məmmədov vurğulayıb ki, təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyəsi, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir. O qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar faciəsi barədə gənclərimiz daha geniş məlumatlandırılmalıdır. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Keçmiş sovet imperiyasının ağır artilleriyasının Azərbaycanda törətdiyi qanlı qırğından 29 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.
Vurğulanıb ki, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib, faciə qurbanlarının xatirəsi hər il dövlət səviyyəsində anılır.
“20 Yanvar” Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinin sədri Maral Qocaman sözügedən hadisənin canlı şahidi olduğunu bildirərək, milli mübarizəyə qalxan dinc əhaliyə divan tutulmasını, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasını totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha aşkara çıxardığını qeyd edib. “Tanklar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər tərəfi amansızcasına atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınları və tibb işçiləri atəş hədəfi idilər”, – deyə Maral Qocaman o dəhşətli günlərlə bağlı acı xatirələrini paylaşıb.
Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova hazırda ölkəmizdə hökm sürən əmin-amanlığın və sabitliyin xalqımızın 1990-cı il yanvarın 20-də apardığı azadlıq mübarizəsindən bəhrələndiyini vurğulayıb. S.Cəfərova deyib: “Bir millətin var olması üçün onun uğrunda canından keçən qəhrəmanlar lazımdır”.

Elm və təhsil 2019-01-15 17:33:00