×
A
A
A
Sazlamalar

Fritz Ştuxlik: Yeni hakim nəslinin yetişdirilməsi üçün işlər görüləcək

Bakı, 15 yanvar, AZƏRTAC
Biz hakimlər üçün müvafiq təhsil almaq və məşq etmək üçün şərait yaratmalıyıq. Bununla bağlı müəyyən müzakirələr aparılır. Regionlarda yeni hakim nəslinin yetişdirilməsi üçün işlər görüləcək. Dekabrda Bakıda hakimliyə yeni başlayanlar üçün seminar təşkil etdik və 12 gənc referi sınaqdan uğurla keçdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik müsahibəsində deyib.
Həmçinin mütəxəssis qış fasiləsinədək müşahidə etdiyi səhvlər haqqında da danışıb: “Oyun qaydalarının düzgün tətbiqi ilə bağlı müəyyən axsamalarımız var. Adı oyunun protokolunda olmayan futbolçunun meydana çıxmasına da imkan verilməməlidir. Əlbəttə, “əsas səhvlər” qırmızı vərəqə və ya penalti kimi oyunun nəticəsinə təsir edəcək yanlış qərarlardır ki, burada da insan faktorunu unutmaq olmaz. Bu cür səhvlərlə hətta Avropanın ən yüksək yarışlarında da qarşılaşırıq. Sadəcə, ilk gündən bildirmişəm ki, hakimin qərarları hər zaman eyni olmalıdır. Yəni nə baş verirsə, ona hər zaman eyni reaksiyanı göstərmək lazımdır. Hər kəs bilsə ki, hakimin fitindən sonra topa zərbə endirən, oyunun bərpasını ləngidən futbolçuya sarı, hətta ikinci sarı – qırmızı vərəqə göstəriləcək, buna heç kim təəccüblənməz”.
Avstriyalı mütəxəssis bildirib ki, Mingəçevirdə hər gün hakimlərlə fiziki hazırlıq üzrə iki məşq və bir o qədər də nəzəri məşğələ keçirik. Bu bizə “Oyun qaydaları”nı düzgün şəkildə hakimlərə çatdırmağa imkan verəcək. Çox şadam ki, UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras da bizim hazırlıq prosesində iştirak edir.
Fritz Ştuxlik Azərbaycan futbolunda VAR sistemindən danışarkən deyib: “VAR gələcəyin sistemidir. Azərbaycanda bunu tətbiq etmək üçün maraqlı olan tərəf bu texnologiyanın vacibliyi və zərurəti ilə razılaşmalı, xərcləri üzərinə götürməlidir. Artıq bu məsələnin müzakirəsinə başlamışıq və yeni sistemi tətbiq edəcəyimiz vaxtı səbirsizliklə gözləyirik”.

İdman 2019-01-15 17:14:00