×
A
A
A
Sazlamalar

Turizm və Menecment Universitetində “Açıq qapı” günü təşkil olunub

Bakı, 15 yanvar, AZƏRTAC 

Yanvarın 15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2018-2019–cu tədris ilinin qış imtahan sessiyasının gedişini izləmək üçün “Açıq qapı” günü keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imtahan qərargahı yaradılıb.
Tədbirdə çıxış edən rektor İlham Mədətov elmin incəliklərinə bələd olmaq, səriştəli mütəxəssis yetişmək üçün oxumağın, ali təhsil almağın vacibliyini vurğulayıb, valideynlərə övladlarını mənasız əyləncələrdən qorumağı tövsiyə edib.
Universitetin prorektoru Hüseyn Həsənov qeyd edib ki, imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə ali məktəbdə lazımi şərait yaradılıb. Neqativ hallara imkan verməmək üçün qərargaha daxil olan hər bir şikayət, həmçinin imtahanların təşkilində və gedişində baş verən nöqsanlar operativ aradan qaldırılır. Buna görə də qərargahın “Qaynar xətt”i 24 saat fəaliyyət göstərir.
Sonra valideynlər, media nümayəndələri və təhsil ekspertləri imtahanların gedişini izləmək üçün müxtəlif imtahan zallarında olublar.
Qış imtahan sessiyası fevralın əvvəlində başa çatacaq.

Elm və təhsil 2019-01-15 17:01:00