×
A
A
A
Sazlamalar

Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf və tərəqqi strategiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük əzmlə davam etdirildiyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.
Sonra Alay komandirinin birinci müavini - Qərargah rəisi, polis polkovniki Elnur Kərimov hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. O qeyd edib ki, ötən il nazirliyin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 32 min 81 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 834, inzibati xətalara yol vermiş 31 min 247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçülərin götürülməsi təmin edilib. Hüquqazidd əməllərə yol verdiklərinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-i dələduzluq, 44-ü digər cinayətlər törətmiş şəxslər olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən ümumilikdə 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlığa görə 1298, avaralıq və dilənçiliyə görə 3199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2017-ci illə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətaların sayı isə 21,3 faiz çox olub.
Məruzə ətrafında çıxış edənlər görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıblar.
Müşavirəyə yekun vuran general-polkovnik Ramil Usubov şəxsi heyətin ötənilki fəaliyyətinin yekunlarını yüksək qiymətləndirib, bu dövrdə xidməti-döyüş fəaliyyətində əldə olunmuş müsbət nəticələrin qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib, tapşırıq və tövsiyələrini verib. Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübə qazandığını deyən nazir cari ildə Formula 1 Azərbaycan Qran-Prisi, futbol üzrə UEFA Avropa Liqasının final görüşü, Avropa Gənclər Olimpiya Festivalı kimi beynəlxalq əhəmiyyətli idman tədbirlərinin keçiriləcəyi ilə əlaqədar qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edilməsinin, qüvvə və vasitələrin tədbirlər ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsinin, həmçinin peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri Azərbaycan Prezidenti İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.
Müşavirənin sonunda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmrləri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları sahiblərinə təqdim edib.

Sosial 2019-01-15 16:52:00