×
A
A
A
Sazlamalar

Dövlət Dəniz Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib

Bakı, 15 yanvar, AZƏRTAC 

Dövlət Dəniz Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub. Məlumatda bildirilir ki, yanvarın 17–18-də Şimal–Qərb küləyi saniyədə 20–25 metrə, arabir isə saniyədə 30–35 metrədək güclənəcək. Açıq dənizdə isə küləyin sürətinin arabir saniyədə 38-40 metrədək şiddətlənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3–5 metr, sonrakı inkişafda 6–8 metr olacağı gözlənilir. Daxil olan məlumat təcili olaraq mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.
Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırılıb.
Milli Mərkəz, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirib.
Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Nəqliyyat 2019-01-15 16:40:00