×
A
A
A
Sazlamalar

Dövlət İmtahan Mərkəzi “ASAN ödəniş” sisteminə inteqrasiya edilib

Bakı, 15 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Dövlət İmtahan Mərkəzi üzrə ödənişlərin “ASAN ödəniş” sisteminə inteqrasiyası uğurla başa çatdırılıb.
Yanvarın 8-dən etibarən həmin dövlət qurumu üzrə ödənişlər “www.e-gov.az”, “www.asanpay.az” portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları, həmçinin 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilir. Bununla da vətəndaşlar Dövlət İmtahan Mərkəzi üzrə şəxsi kabinetlərdəki hesablarına “ASAN ödəniş” sistemi vasitəsilə vəsait əlavə edə bilmək imkanı qazanıblar.
Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 122 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və s. 200-dən artıq xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirmək mümkündür. Müvafiq ödənişlər “www.asanpay.az” ödəniş portalı, mobil tətbiqləri və terminalları, “Elektron hökumət” portalı, eləcə də sistemə qoşulmuş 10 mindən artıq ödəniş terminalları, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada təmin edilir.

Sosial 2019-01-15 15:31:00