×
A
A
A
Sazlamalar

Ağsuda Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi – MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Ağsu, 15 yanvar, AZƏRTAC 

Ağsu Regional Miqrasiya İdarəsi yanvarın 15-də Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi – MİGAZ-ın istifadəsi, habelə tətbiqdə olan yeniliklərin, üstünlüklərin nümayiş etdirilməsi məqsədilə hüquqi maarifləndirmə seminarı keçirib. Seminarda miqrasiya məsələləri ilə bağlı köməyə ehtiyacı olan şəxslər, aidiyyəti dövlət qurumları, məhkəmə, hüquq-mühafizə orqanları, tibb işçiləri, ictimai təşkilatlar, işəgötürənlər və sahibkarlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarı rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov açaraq mobil tətbiqin əhəmiyyətindən danışıb.
Sonra regional miqrasiya idarəsinin məsul işçisi videoçarx vasitəsilə MİGAZ-ın tətbiqi ilə əlaqədar geniş izahat verib. Qeyd edib ki, bundan sonra mobil tətbiq vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron xidmətlərdən onlayn şəkildə daha asan istifadə edə biləcəklər. Azərbaycan, ingilis və rus dillərində hazırlanan mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsilə zəng və sorğuların cavablandırılması da həyata keçirilə bilər. Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. İnteraktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək.
Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizin turizm məkanları, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Tətbiqi hazırda “Playmarket”dən yükləmək mümkündür. Həmçinin yaxın vaxtlarda “Appstore”dan da yükləmək mümkün olacaq. Gələcəkdə mobil tətbiqin imkanlarının genişləndirilməsi və daha çox xidmətləri əhatə etməsi nəzərdə tutulur.
Seminarda mövzu ilə bağlı izahlı çıxışlar edilib, miqrasiya qanunvericiliyinə olunan əlavə və dəyişikliklərlə bağlı məlumatlar verilib. Bildirilib ki, MİGAZ - Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi “MilliNet-2018” müsabiqəsində "Elektron hökumət və maliyyə-bank mobil tətbiqi" nominasiyasında 3-cü yerə layiq görülüb.
Sonra tədbir iştirakçılarına əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları barədə ətraflı məlumat verilib, habelə vətəndaşlıq məsələləri ilə bağlı iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Sonda vətəndaşlara səyyar xidmət göstərilib.

Regionlar 2019-01-15 15:29:00