×
A
A
A
Sazlamalar

“Məhsəti” romanı işıq üzü görüb

Bakı, 15 yanvar, AZƏRTAC

Yazıçı Cavi Danın “Məhsəti” adlı yeni romanı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, əsər Azərbaycanın ilk xanım şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Roman XII əsrin tanınmış Şərq mütəfəkkiri və xeyriyyəçisi haqqında irihəcmli bədii əsərdir.
Roman üzərində bir il çalışdığını deyən Cavi Dan, Məhsəti haqqında əsər yazmağın təsadüf olmadığını deyib: “Məhsəti Gəncəvi öz dövrü üçün çox müasir bir xanım olub. Azərbaycanın ilk şair, musiqiçi, şahmatçı və dövrünün mükəmməl təhsilini almış qadındır. Bütün bildiklərini tədris etdiyi şəxsi məktəbi olub”.
Romanda Məhsətinin Nigar Rəfibəylinin tərcümə etdiyi rübailərindən və akademik Rafael Hüseynovun "Məhsəti necə varsa" kitabındakı məlumatlardan, xüsusən də "Əmir Əhməd və Məhsəti" dastanının süjet xəttindən istifadə olunub.
Tarixi janrda olan əsərdə Məhsətinin həyatından, onun keşməkeşli və təzadlı ömür yolundan danışılır. “Məhsəti” müəmma haləsinə bürünmüş qeyri-adi qadın taleyindən bəhs edir.
Kitabın redaktoru yazıçı-publisist Kərim Kərimlidir.
Qeyd edək ki, bu, Cavi Danın sayca dördüncü kitabıdır. Yazıçı, eyni zamanda, Azərbaycanda və Özbəkistanda nümayiş etdirilən "Günəşim ol" və "Uçurum" teleseriallarının ssenari və süjet müəllifidir.
Cavi Dan hazırda İmadəddin Nəsimiyə həsr etdiyi “Şəms” romanı üzərində çalışır. 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini nəzərə alsaq bu əsərin də müəllifə böyük şöhrət gətirəcəyini düşünmək olar.

Mədəniyyət 2019-01-15 15:06:00