×
A
A
A
Sazlamalar

“Eko gənclik” layihəsi çərçivəsində məktəblilərin əl işlərindən ibarət sərginin təşkili planlaşdırılır

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan “Eko gənclik” layihəsinin icrası davam edir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi şagirdləri ekologiya mövzusunda təlimlərə cəlb etmək, ekoloji aksiyalar keçirməklə onların ətraf mühit mövzusunda maarifləndirilməsinə nail olmaqdır.
Layihə çərçivəsində üç ay müddətində Cəbrayıl, Tovuz, Goranboy rayonlarında və Gəncə şəhərindəki məktəblərdə ümumilikdə 80 məktəbliyə “Ekologiya və onun qorunması”, “Ekoloji hüququn əsasları və ictimai vəkillik” və “Gənclərin ətraf mühitin qorunmasında rolu” mövzusunda təlimlər keçirilib. Təlimlər vasitəsilə məktəblilərə daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrətmək hədəflənib.
Bundan başqa, layihə çərçivəsində “yaşıl iməcilik” devizi altında təmizlik aksiyasının keçirilməsi və yığılacaq tullantılardan müxtəlif əl işlərinin hazırlanması nəzərdə tutulur. Layihənin yekununda həmin əl işlərinin nümayiş etdiriləcəyi sərginin təşkili planlaşdırılır.

Sosial 2019-01-15 14:35:00