×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasında tədris-metodik seminar keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC

Müasir dövrdə təhsilin Avropa təhsil sisteminə inteqrasiya olunması üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyi bir sıra əməli tədbirlər proqramı hazırlayıb. Bu proqram çərçivəsində kafedralarda müxtəlif elmi-metodiki seminarlar və elmi-kütləvi tədbirlər keçirilir. Növbəti belə tədbir universitetin farmakologiya kafedrasında təşkil olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarı giriş nitqi ilə açan kafedranın müdiri, professor Musa Qəniyev tədbirin əhəmiyyətindən danışıb: “Artıq bir neçə ildir ki, qışda və yayda dərs prosesi başa çatdıqdan sonra kafedra əməkdaşları tərəfindən proqrama uyğun bir mövzu təqdim olunur. Təqvim planına daxil olan dərslərin müzakirəsi zamanı hər mövzu üzrə yeniliklərdən söhbət açılır. Həmin yeniliklər təhlil olunaraq dərs prosesinə daxil edilir. Yalnız müəllimlərin iştirak etdiyi bu seminarların keçirilməsində əsas məqsəd tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də dünyada farmakologiya sahəsində baş verən yeniliklərin dərs prosesinə uyğunlaşdırılması və Avropa təhsil sisteminə yaxınlaşmaqdır. Belə ki, qışda və yayda dərs prosesi başa çatdıqdan sonra qarşıdan gələn semestrdə keçiləcək dərslərə aid bölgülər aparılır, müəllimlərə proqrama uyğun mövzular verilir. Onu da qeyd edim ki, hələ təhsil sistemi klassik variantda olduğu dövrdə də biz bu cür tədris-metodik seminarları keçirirdik. Kafedramızda bir ənənəyə çevrilən bu seminarlar artıq dekabrın sonlarından etibarən başlayıb və həftə ərzində müəllimlərimiz bir sıra mövzular üzrə məruzələr edirlər”.
Seminarın qış fəslinə təsadüf etməsini nəzərə alaraq kafedranın dosenti Aydın Əliyev və kafedranın assistenti Mətanət İsmayılova mövsümə uyğun olan mövzulardan biri - “Tənəffüs orqanlarının funksiyasına təsir göstərən dərman maddələrinin farmakologiyası” mövzusunda məruzə ilə çıxış ediblər. Hər iki məruzəçi tənəffüs stimulyatorları, öskürək əleyhinə dərman maddələri və bəlğəmgətirici maddələr haqqında geniş məlumat verib. Onlar tənəffüs ritminin pozulması zamanı istifadə olunan dərman vasitələrinin funksiyaları və onların orqanlara təsir mexanizmlərindən bəhs ediblər.
Tənəffüs orqanlarına təsir edən maddələrdən danışan məruzəçilər bildiriblər ki, tənəffüs aktının normal funksional vəziyyəti bir sıra amillərdən - uzunsov beyində yerləşən tənəffüs mərkəzinin normal funksional vəziyyətindən, tənəffüs aktında birbaşa iştirak edən tənəffüs orqanlarından və köməkçi sistemin fizioloji halından asılıdır.
Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılıb, bir sıra təcili və təxirəsalınmaz dərman maddələrindən, o cümlədən onların öskürək əleyhinə istifadə qaydalarından söhbət açılıb.
Tədris-metodik seminarın sonunda kafedra əməkdaşlarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Səhiyyə 2019-01-15 12:28:00