×
A
A
A
Sazlamalar

“Hökumət Ödəniş Portalı”na yeni təşkilatlar inteqrasiya edilib

Bakı, 15 yanvar, AZƏRTAC
"Hökumət Ödəniş Portalı"na yeni təşkilatlar inteqrasiya olunub.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, vergi, rüsum, icarə haqqı, cərimə, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə bank tərəfindən yaradılmış "Hökumət Ödəniş Portalı"nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Ədliyyə və Təhsil nazirlikləri, eləcə də Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində bu qurumlar tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada yaradılmış infrastruktur vasitəsilə qəbul edilməsi təmin olunub.
Bu gündən başlayaraq qeyd olunan təşkilatlar və onların tabeli qurumları tərəfindən təqdim edilən 26 xidmət, o cümlədən notariat kontorlarında icra qeydlərinin aparılması, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədlərinin tanınması xidmətləri və məktəbdənkənar təhsil müəsisələrinin xeyrinə ianələr üzrə ödənişlər "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunmuş 30 bankın və "Azərpoçt" MMC-nin 2500-dən çox filial və şöbələrində, 1000-dək ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər.
Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün Ədliyyə Nazirliyi üzrə şəxsiyyət vəsiqəsi rekvizitlərindən, Qida Təhlükəsizliyi Agentliyi üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən, VÖEN-dən və yaxud qurum tərəfindən təqdim edilən sənəd nömrəsindən, Təhsil Nazirliyi üzrə bu qurum tərəfindən verilmiş ödəyici kodundan, məktəbdənkənar təhsil müəssisələri üzrə isə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən istifadə edilməlidir.

Maliyyə 2019-01-15 12:25:00