×
A
A
A
Sazlamalar

RF Prezidenti Kuboku uğrunda sambo üzrə Yaponiya çempionatı fevralın 10-da keçiriləcək

Bakı, 15 yanvar, AZƏRTAC

Yaponiya Sambo Federasiyasının vitse-prezidenti, Beynəlxalq Sambo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Nobuyuki Asainin TASS agentliyinə verdiyi məlumata görə, RF Prezidenti Vladimir Putinin təsis etdiyi kubok uğrunda sambo üzrə Yaponiya birinciliyi fevralın 10-da keçiriləcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, çempionat Tokionun Sumida rayonundakı idman sarayında keçiriləcək. Hər il keçirilən bu turnirdə 100-dən çox idmançı iştirak edir. Çempionatın qalibləri beynəlxalq yarışlarda iştirak etmək üçün seçilir. Sambo üzrə Yaponiya çempionatı 45-ci dəfə, RF Prezidenti Kuboku uğrunda birincilik 7-ci dəfə keçiriləcək.
1970-ci illərin axırlarından 1990-cı illərin əvvəlinə qədər Yaponiyada sambo çox geniş yayılmışdı. 1980-ci il Olimpiadasından sonra idmanın bu növünə maraq tədricən azalmağa başladı. Lakin 2013-cü ildə Kazanda Universiada keçirilən ərəfədə Yaponiyada sambo növbəti dəfə populyarlaşdı. 2018-ci ilin noyabr ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) sambonu müvəqqəti olaraq olimpiya idman növü kimi qəbul etdi. Bu o deməkdir ki, gələcəkdə sambo Olimpiya Oyunlarının proqramına daxil edilə bilər. Bu halda BOK idmanın bu növü üçün hər il 25 min dollar məbləğində maliyyə vəsaiti ayıracaq.

İdman 2019-01-15 12:09:00