×
A
A
A
Sazlamalar

Azərbaycan məktəblilərinin Beynəlxalq Jautıkov Olimpiadasında növbəti uğuru

Bakı, 15 yanvar, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə keçirilən 15-ci Beynəlxalq Jautıkov Olimpiadasında Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məktəblilər bu olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə ediblər.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş medal, həmin liseyin XI sinif şagirdi Ramil Cəbiyev və X sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medal, XI sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə sıx əməkdaşlıq qurulmaqla həyata keçirilir.

Elm və təhsil 2019-01-15 12:05:00