×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının monitorinqi keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC 

Yanvarın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə İctimai Şuranın üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri imtahan keçirilən zal və auditoriyaları gəzərək imtahan prosesini, apellyasiya komissiyasının və İmtahan Qərargahının fəaliyyətini müşahidə ediblər.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov monitorinq iştirakçılarına imtahan sessiyasının təşkili və gedişi, imtahan qaydaları, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, yanvarın 4-dən 11-dək 84 fəndən keçirilən imtahanlarda təxminən 15 min 895 tələbə iştirak edib. Bu müddətdə 81 tələbə İmtahan Qərargahına müraciət edib. Bu müraciətlərin 76-sı yazılı qaydada, 5-i isə test üsulu ilə verilən imtahanlar barədə olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı 76 müraciətin 73-ü tələbələrin xeyrinə həll edilib, 3 nəfər isə müvafiq məlumatlandırmadan sonra müraciətindən imtina edib. Test üsulu ilə verilən imtahanlarla bağlı 5 müraciət tələbələrin xeyrinə həll edilib. On səkkiz tələbə imtahan qaydalarını pozduqlarına görə protokollaşdırılıb, onların imtahan nəticələri ləğv edilib və bu barədə müvafiq fakültə dekanlarına məlumat verilib.
Apellyasiya komissiyasına isə yazılı qaydada verilən imtahanlarla bağlı 422 müraciət daxil olub. Həmin müraciətlərdən 216-sı araşdırılıb, 63 müraciət tələbələrin xeyrinə həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı 6 müraciətdən 4-ü araşdırılıb və 2 müraciət tələbələrin xeyrinə həll edilib. ADPU-nun filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq tədris departamentinə və rektorluğa məlumat verir.
Monitorinq iştirakçıları ilə söhbət zamanı tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər.
Sonra tədbir ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında davam edib. İctimai Şuranın üzvləri Pedaqoji Universitetdə aparılan islahatları, yenilikləri təqdir etdiklərini, eləcə də imtahan sessiyasının qanun çərçivəsində, şəffaf və ədalətli keçirildiyini vurğulayaraq universitetin rəhbərliyinə və tələbə-gənclərə uğurlar arzulayıblar. Çıxış edənlər bildiriblər ki, ADPU-nun pedaqoji və elmi-pedaqoji kadr hazırlığı sahəsindəki fəaliyyəti təqdirəlayiqdir və onlar bu fəaliyyətə dəstək verməyə hazırdırlar.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov İctimai Şuranın üzvlərinə monitorinqdə iştirak etdiklərinə görə təşəkkür edib və uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azərbaycan dünyanın ümumi inkişaf prosesinə qoşulub. Təhsil ümummilli, ümumxalq məsələsidir. Bu sahədə dəyərlər, bilik və bacarıqlar önə keçməlidir. Ölkə rəhbərliyi bizim qarşımızda mühüm vəzifələr qoyub. Əsas vəzifəmiz yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaqdır. ADPU-da sağlam və ədalətli rəqabət mühitinin yaradılması, infrastrukturun yenilənməsi, insan resurslarının inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir. Universitetdə fəaliyyət göstərən İctimai Şuranın üzvləri cəmiyyətin düşüncəsinə və ictimai rəyə təsir edə bilən şəxslərdir. Müasir dünyada ictimai rəy xüsusi önəm kəsb edən amildir. Biz sizinlə təhsil sahəsi ilə bağlı səmərəli müzakirələr aparmaq və daha geniş miqyasda əməkdaşlıq etmək niyyətindəyik.

Elm və təhsil 2019-01-15 11:31:00